
"Çumbinyo Braziliyaya müalicə almağa yollanmışdı. Artıq qayıdıb, Bakıdadır". Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nurlan İbrahimov deyib.
Klub rəsmisinin sözlərinə görə, braziliyalı forvard müalicəsini Azərbaycanda davam etdirəcək: "Bakıda bərpa prosesi keçməlidi. Bir müddət reabilitasiya mərkəzinə gedib-gələcək. Ən azı 5 həftədən sonra sağalacaq. Bir sözlə, Çumbinyo bu il meydana çıxmayacaq".
İbrahimov onu da bildirdi ki, "Dnepr"lə Avroliqa oyununa hazırlaşan "Qarabağ" Ukraynaya oktyabrın 22-də çarter reysi ilə yola düşəcək.
Qeyd edək ki, Çumbinyo Avroliqanın ilk turunda Bakıda keçirilmiş "Qarabağ" - "Sent Etyen" oyununda zədələnib.