"Neftçi"nin baş məşqçisi Arif Əsədovun Sportnet.az-a müsahibəsi...
- "İnter"lə oyuna hazırlıq necə gedir?
- Yüksək əhval-ruhiyyədə məşqlərimizi davam
etdiririk. Qarşıdakı oyunun əhəmiyyətini yaxşı dərk edir və hazırlığımızı da
buna uyğun görürük.
- "İnter"i çempionluq yolunda əsas rəqiblərdən sayırsınız?
- "İnter" də çempionluğa oynayan komandalardan biridir. Yəni, bu yolda əsas rəqiblərimizdəndir. Hər iki komanda üçün prinsipial oyun olacaq. Turnir cədvəlində bir-birimizə yaxın olmağımız bu gərginliyi daha da artırır. Qələbə qazansaq, turnir cədvəlində liderliyə də yüksələ bilərik. Bu üzdən, komanda olaraq yalnız qələbəyə köklənmişik. Öz meydanımızda oynayacağıq və çalışacağıq ki, azarkeşlərimizin də dəstəyi ilə qalib gələk.
- Amma bu, heç də asan olmayacaq. Çünki
"İnter" mövsümə çox yaxşı start götürüb...
- Doğrudur. Premyer Liqada 1-2 komanda var ki, heyəti tam formalaşıb və oyun sistemlərini oturda bilib. "İnter" də onlardan biridir. Sizin də qeyd etdiyiniz kimi, mövsümə yaxşı başlayıblar. Çox güclü komandadır. Ancaq biz də zəif deyilik. Məqsədimiz yalnız qalibiyyətdir.
- "Neftçi" sizin rəhbərliyiniz
altında artıq 4 oyun keçirib. Bu müddət ərzində hansı dəyişikliklərə nail
olmusunuz?
- Elə bir radikal dəyişiklik etmədik. Sadəcə,
çalışırıq ki, oyun planında daha yaxış inkişaf edək və nizam-intizamı möhkəmlədək.
- Komanda bu mövsüm keçirdiyi 7 oyunda cəmi 6 qol vurub. Hücum xətti ilə bağlı probleminiz var?
- Təbii ki, ideal
vəziyyətdə olan komanda tapmaq mümkün deyil. Bizdə də bəzi çatışmazlıqlar ola
bilər. Amma mən deməzdim ki, hücum xəttimizdə problem var. Bizim Ernest Nfor, Nikolas Kanales
kimi qol duyumu olan hücumçularımız var. Mən bu məsələni ciddi problem hesab eləmirəm.
Az qol vururuqsa, bu, təkcə hücumçuların yox, ümumi komandanın
problemidir.
- Flavinyo və Culius Vobay "İnter"lə oyuna tam hazırdırlarmı?
- Flavinyo zədədən yeni qayıtdığı üçün "Sumqayıt"la oyunda ona 45 dəqiqə şans verdim. Amma artıq hərtərəfli hazırdır. Vobay isə yığmasından gələndə yorğun idi. Bir neçə günlük istirahət vermişdim. O da artıq formasını bərpa edib. Yəni, heyətlə bağlı bir narahatlığım yoxdur.
- Əvəzedici heyətə göndərilən Araz Abdullayevin yenidən əsas komandada məşqlərə başladığı bildirilir. Bu, nə dərəcədə doğru xəbərdir?
- Bu barədə danışmaq istəmirəm.
Rəvan