
"Maraqlı oyunun şahidi olduq. "Sumqayıt"ın bərabərlik qolunu vurmaq üçün imkanı vardı. Axırıncı dəqiqədə baş verən epizodda qola qapı dirəyi mane oldu. "Xəzər Lənkəran"ın isə hesabı artırmaq üçün qol fürsətləri oldu oldu". Bunu Sportnet.az-a açıqlamasında iki komanda arasındakı Topaz Premyer liqasının X tur matçını izləyən Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Mahmud Qurbanov deyib.
O bildirib ki, həm "Sumqayıt", həm də "Xəzər Lənkəran"ın heyətində milliyə namizəd futbolçular var. Lakin Qurbanov onların adlarını indidən demək istəməyib: "Norveçlə oyun üçün heyət noyabrın 2-də bildiriləcək. İndidən kiminsə haqqında nəsə deyə bilmərəm. Yığmaya namizəd futbolçular oyunları ilə seçilməlidir. Kimin çağırılıb-çağırılmayacağı hələ məlum deyil".
Qurbanov Berti Foqstun vaxtında yığmaya dəvət almayan "Xəzər Lənkəran"ın futbolçusu Rəşad Sadiqovun da oyunu dəyərləndirib: "Rəşad da hamı kimi oyun nümayiş etdirdi".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - "Norveç" matçı noyabrın 16-da baş tutacaq.