Nazim Babayev qızıl medal, Azərbaycan isə daha iki lisenziya qazandı
Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır. Sportnet.az-ın məlumatına görə, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan turnirdə ötən gün oğlanlar arasında üç təkanla tullanma yarışlarında Azərbaycan atleti Nazim Babayev 16,14 metr nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb.
Bununla idmançımız həm Azərbaycan rekordunu təzələyib, həm də qızıl medal qazanıb. Turnirin qalibi olan Babayev eyni zamanda Çinin Nanjinq şəhərində keçiriləcək olimpiadaya lisenziya qazanıb. Gümüş medala ukraynalı Aleksandr Malosilov, bürünc mükafata isə italiyalı Tobia Boççi sahib olub.
Olimpiadaya daha bir lisenziyaya şüvüllə tullanma üzrə turnirin finalına vəsiqə qazanan Yelena Qladkova yiyələnib. O, həlledici cəhdində 3.80 metr hündürlüyün öhdəsindən gəlməyi bacarıb. Bununla atlet ümumi sıralamada 7-ci yerin sahibi kimi Nanjinqə vəsiqə əldə edib.
Qeyd edək ki, hazırda komandamızın hesabında 1 qızıl və 1 gümüş medal var. Ümumilikdə idmançılarımız 3 lisenziya qazanıblar.