"Neftçi” Futbol Klubunun baş məşqçisi
Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Sportnet.az sizi həmin
müsahibə ilə tanış edir.
-Arif müəllim, ilk olaraq hazırlıqla bağlı məlumat verərdiniz
-Noyabrın 6-dan etibarən "Simurq”la oyunun hazırlığına start vermişik. İki həftəlik hazırlıq planımızı iki
hissəyə bölmüşük. Birinci həftə əsasən fiziki hazırlıqlara üstünlük
vermişik. İkinci həftə isə "Simurq” klubu ilə oyuna köklənəcəyik. O vaxta kimi milli
komandalara cağırılmış futbolçularımız da qayıdacaqlar və tam heyətlə hazırlığımızı davam etdirəcəyik.
-Hazırlıqda komandanın bütün üzvlərinin olmaması problem yaratmır ki?
-Hər bir məşqçi istəyər ki, bütün kollektiv bir yerdə olsun. Bununla
belə sevindirici haldır ki, "Neftçi”nin
futbolçuları mütəmadi olaraq milli komandaların
düşərgəsinə çağırılır. Təsadüfi deyil ki, ümumlikdə 9 futbolçumuz əsas və gənclərdən ibarət milli komandalara dəvət alıb. Biz çalışırıq ki, belə futbolçuların
sayı daha artıq olsun. Əsas heyətin futbolçularının yoxluğundan istifadə edib əvəzedici komandadan futbolçuları hazırlığa cəlb etmişik. Bu onlar üçün yaranmış bir şansdır. Ötən ay da biz əvəzedici komandadan futbolçular dəvət etmişdik. Bu dəfə də onların sayı artıb. Rahil Məmmədov, Cavid Muxtarzadə, Orxan Qurbanlı, Aqşin Qurbanlı kimi gənc oyunçular bu gün bizimlə birlikdə məşq edir.
-Yoxlama oyunlarında bu futbolçulara şans verməyi düşünürsünüzmü?
-Təbii ki, onları
çağırmışıqsa deməli şans da verməliyik. "Bakı” ilə keçirdiyimiz ilk yoxlama matçında da onlara şans vermişdik. Bu dəfə də gənclərin xidmətindən yararlanacağıq. Məqsədimiz odur ki, bu futbolçular
təcrübə qazansınlar və əsas komandada möhkəmlənə bilsinlər. Əvəzedici komandanın məşqçiləri ilə mütəmadi əlaqə saxlayırıq və onlar bizi
futbolçularla bağlı məlumatlandırırlar.
-Bu oyunçuları "Neftçi”nin Premyer Liqa oyunlarında görəbiləcəyikmi?
-"Neftçi” gənc futbolçuları yetişdirməklə yanaşı, Premyer Liqada da çempionluğa oynayan bir komandadır. Biz
onlara şans verməklə yanaşı, yüksək yerlər uğrunda mübarizəmizi də davam etdiririk. Çalışmalıyıq ki, gənc
futbolçuları həddən artıq yükləməyək. Gördüyünüz kimi, Emil Balayev artıq start
heyətində möhkəmlənib. Gələcəkdə digər futbolçular da ona qoşulacaq.
-Fasilə bitdikdən sonra "Neftçi” sıx qrafiklə 4 ağır oyun kerçirəcək və bu oyunların 3-ü səfər qarşılaşmasıdır.
-Doğurdan da
qrafik sıx olacaq. Amma fasilədən öncə də biz bəzi
oyunlarda əsas heyətin futbolçularına istirahət
verdik və şərait yaratdıq ki, qüvvələr bərabər
bölünsün. Yəni əvəzləmələrin köməyi ilə bu
oyunlarda maksimum nəticə əldə etməyəçalışacağıq. Əsas məqsədimiz odur ki, iki bərabər səviyyəli heyət
yaradaq ki, belə vəziyyətdəproblem yaranmasın.
-Son turlara qədər "Neftçi”nin müdafiə futbolu oynadığı deyilirdi. Amma son iki turda "Neftçi” 7 qol vurmaqla hücumdakı gücünü də göstərdi.
-Sağlam tənqidi
normal qarşılayırıq. "Neftçi”də hücum potensialı olan güclü futbolçular var.
Sadəcə xəttlərarası əlaqəyaratmaq lazım idi. Çalışırıq ki, komanda hücuma keçəndə müdafiədəboşluqlar yaranmasın. Gəldiyimiz ilk günlərdəmüdafiədəki çatışmazlıqları aradan
qaldırmağa çalışırdıq. Komanda 1 top fərqi ilə qalib gəldiyi
oyunlarda da çoxlu qol imkanları yaradır, sadəcə bəzən bu fürsətlərin
hamısını reallaşdırmaq mümkün olmur.
-Milli komandalarımıza çağırılan futbolçular arasında ilk dəfədir ki, Mirhüseyn Seyidovun da adı var. Mirhüseyn əvəzedici komandadan başlayaraq, sizin rəhbərliyiniz altında oynayıb. İndiki gənclər arasında əsas milliyə dəvət ala biləcək futbolçular görürsünüzmü?
-"Neftçi”yə gəldiyim ilk gün Mirhüseyn Seyidovla söhbətim oldu və ona bildirdim ki, öz üzərində bir qədər də çalışsa əsas milliyə dəvət ala bilər. Mirhüseynin böyük potensialı var. Düşünürəm ki. O bundan da yaxşı oynamaq gücündədir. Ondan başqa yaxın gələcəkdə Ruslan Qurbanov, Samir Məsimov, Emin Mehtiyev də əsas yığmaya çağırıla bilərlər.