
2015-ci ildə keçiriləcək I Avropa Oyunlarında
paralimpiyaçı cüdoçular da mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə,
gözdən əlil idmançıların yarışı bir gün ərzində keçiriləcək.
Tatami üzərinə 90 kq-dan artıq çəki dərəcəsində olan kişi və
57 kq çəkidə qadın cüdoçular çıxacaqlar. Həm kişi, həm də qadınların
mübarizəsinə 8 idmançı qoşulacaq. Heydər Əliyev Arenasında keçiriləcək yarışda
ümumilikdə 10 ölkə - Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan,
Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna təmsil olunacaq.
2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya
Oyunlarında iki qızıl medal və 2012-ci il London Yay Paralimpiya Oyunlarında
bürünc medal qazanmış cüdoçumuz İlham Zəkiyev kişilərdən ibarət turnirdə
Azərbaycanı təmsil edəcək.
Zəkiyev bunun onun
üçün şərəf olduğunu bildirib: "Bakıda keçiriləcək I Avropa Oyunlarında
ölkəmizin təmsilçisi kimi seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki,
ilk çempion kimi tarixə düşəcəyəm. Gözdən əlil idmançılar
arasında keçirilən cüdo yarışının "Bakı-2015"in proqramına daxil
edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda
Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm”.
Qeyd edək ki, qadınların mübarizəsində 2012-ci il London
Paralimpiya Oyunlarında 52 kq çəkidə qızıl medal qazanmış almaniyalı cüdoçu
Ramona Brussiq favorit göstərilir.