Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, İK Azərbaycan Premyer Liqasının XII turunda "Simurq” – "Neftçi” oyununda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Topaz Premyer Liqasının XII turunun "Simurq” – "Neftçi” oyunu başa çatdıqdan sonra "Neftçi” klubunun rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun "Simurq” – "Neftçi” matçında "Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 85-ci dəqiqəsində "Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.