"Klublar Komitəsinin yaradılmasının Peşəkar Futbol Liqasının öz vəzifəsini yerinə yetirə bilməməsi ilə bağlamaq düzgün deyil. Bu qurumda nə AFFA, nə də Peşəkar Futbol Liqası təmsil olunacaq". Bunu AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, komitədə yalnız klubların özləri yer alacaq: "Biz
komandalara şərait yaradırıq ki, oturub müzakirə aparsınlar. Bu komitə
futbolun inkişafına dəstək məqsədilə yaradılıb. Çünki hazırda AFFA və
PFL-dən əlavə, klublar da futbolun inkişafı ilə məşğuldurlar. Biz klublara
platforma yaratmalıyıq ki, yığışsınlar və öz aralarında müxtəlif təkliflər
irəli sürsünlər. Bəziləri fikirləşirlər ki, Klublar Komitəsi hakimləri müzakirə
edəcək. Xeyr, qətiyyən belə deyil. Komitə inkişafdan danışacaq. Uşaq liqalarını, matçların
teleyayım məsələlərini müzakirə edəcək".
Baş katibin sözlərinə görə, komitə sədrini
klubların özləri səsvermə yolu ilə bir il müddətinə seçəcəklər: "Biz bir
nəfər verəcəyik ki, iclasın protokolunu yazsın. Eləcə də ilk görüşü təqdimat
məqsədilə biz təşkil edəcəyik. Sonra isə özləri görüşsünlər, müzakirələr
aparsınlar, müvafiq təkliflər versinlər: Axı nəyə görə klublar fikirlərini
ünvana mətbuat vasitəsilə çatdırmalıdırlar? Məsələn, hakimlərdən
narazıdırlarsa, Xaqani Məmmədovu iclasa çağırsınlar. O da məruzə etsin. Eləcə
də hakim-inspektorlardan Gülağa Cabbarov, yığmalardan onların baş məşqçiləri
məruzə etməlidirlər".
Qeyd edək ki, Klublar Komitəsi AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılıb. (Report.az)