"Qarabağ" klubunun futbolçusu Riçard Almeydanın Sportnet.az-ın Zaqatalaya
ezam olunan əməkdaşına "Simurq"la Premyer Liqa
matçından sonra müsahibəsi...
- Oyun haqda fikirlərinizi öyrənmək
istərdik.
- "Simurq"la səfər oyunları həmişə çətin olur. Amma
bugün (dünən) yaxşı oynadıq və lazım olan üç xalı qazandıq.
- "Sent Etyen"lə oyundan sonra bu matçda iştirak etmək çətin olmadı ki?
- Komandada səyahətlə bağlı biraz yorğunluq hiss olunurdu.
Amma bu o demək deyil ki, məğlub olmalıyıq. Həm Avropa Liqasında, həm də
Premyer Liqada eyni səviyyədə oyun göstərməliyik. Bu, bizim borcumuzdur.
-
Fransadakı oyunda özünü yaxı tərəfdən göstərə bilmədin. Buna səbəb Reynaldo,
Çumbinyo və Diazın olmamağı idi, yoxsa...
- Yox, bu fikirlə razı deyiləm. Rəqibin
oyunçuları məni bağlamışdı. Hər addımımda üstümə 2-3 futbolçu gəlirdi. Buna
görə top itirirdim. Bilirəm ki, həmişəki kimi oynaya bilmədim. Amma əsas odu
ki, komanda sərfəli nəticə qazandı.
- Bəzən, futbolçular 2-3 gündən bir oynamaqdan
şikayət edirlər. Bəs
sənin fikrin necədir?
- Mənə elə gəlir ki, futbolçu vəziyyətə görə öz
futbolunu oynamalıdır. Mübarizə apardığımız bütün turnirlərdə eyni səviyyədə
iştirak eləməliyik. 3-4 gündən bir oynamaq bizim üçün problem deyil, mənim işim
də budur.
- Azarkeş baxımından Avropa Liqası oyunlarından
sonra çempionata adaptasiya olmaq çətin olmur?
- Təbii ki, çox saylı
azarkeşlərin önündə oynamaq futbolçulara əlavə güc verir. Komanda
meydana daxil olanda azarkeşlər sanki əlavə oyunçu kimi bizə kömək olur. Ancaq biz meydana çıxanda onları unudub öz işimizlə məşğul oluruq. Ona görə, adaptasiya baxımından
problem yaşamırıq.
Məcid HƏSƏNLİ