
Sabah Azərbaycan kubokunda 2014/15 mövsümünün 1/8 final mərhələsində "Qəbələ” "Ağsu” ilə
qarşılaşacaq. Sportnet.az-ın klubun rəsmi
saytına istinadən məlumatına görə, yarışa bu mərhələdən başlayacaq "Qəbələ” 10-cu dəfə ölkə kubokunda
mübarizəyə qoşulacaq.
Yubiley mövsümü "Ağsu” ilə görüşlə başlayacaq. I divizion
təmsilçisi indiyədək "qırmızı-qaralar”la qarşılaşmayıb. Bu üzdən Ağsunun
eyniadlı təmsilçisi "Qəbələ”nin tarixinə 38-ci rəqib kimi düşəcək.
Bu oyun
Dorinel Muntyanu və yetirmələri üçün də əlamətdar olacaq.
Rumıniyalı Azərbaycan kubokunda debüt edəcək, həm də "Qəbələ”ni 15-ci rəsmi
matça çıxaracaq. Bu görüşdə Ürfan Abbasov 75-ci, Ruslan Tağızadə ilə Rafael
Santos 30-cu dəfə qırmızı-qara forma ilə meydana çıxacaq.
"Ağsu” ilə
oyun "Qəbələ”nin kubokda yubiley – 40-cı oyunu olacaq. Penaltilər seriyası
nəzərə alınmamaqla, 18 qələbə, 13 heç-heçə və 8 məğlubiyyəti olan
"qırmızı-qaralar” 1/8 finala uğurlu seriya ilə gedir. Belə ki, 2010/11
mövsümünün 2011-ci il martın 8-də keçirilən "Bakı” ilə ¼ finalın səfər
matçından (0:1) sonra "Qəbələ” 12 oyunluq məğlubiyyətsizlik seriyasına
malikdir. Bu müddətdə 5 qələbə və 7 heç-heçəyə nail olan komanda 2 dəfə evdə
buraxdığı qollar, 1 dəfə penaltilər seriyası ilə rəqibinə yenilib.