
"Bakı-2015” I Avropa Oyunlarının çox möhtəşəm Açılış
və Bağlanış mərasimləri olacaq. Ümid edirik ki, bütün dünya izləyəcək və biz də
böyük təcrübə qazanacağıq”. Sportnet.az-ın məlumatınagörə, bunu "5Currens”Prodüser şirkətininrəhbəriSkot Givens deyib.
O bildirib ki, şirkət son dövrlərdə 12 olimpiya, 5 qitə
miqyaslı oyunların açılış mərasimlərində iştirak edib. Son olaraq, "5Currens”
2014-cü il Soçi Qış Olimpiya Oyunlarının mərasimlərinin bilavasitəsi təşkili
ilə məşğul olub.
Givens Açılış və Bağlanış Mərasimlərinin əsas mövzusunun
Azərbaycan xalqı, mədəniyyəti, adət və ənənələrinin nümayişindən ibarət
olacağını açıqlayıb. Onun sözlərinə görə, mərasimlərə 6000 yerli ifaçı
seçiləcək: "Onlar 68 min nəfərlik auditoriya və milyonarla televiziya
tamaşaçısı qarşısında çıxış edəcəklər. Azərbaycan ürəyi olmasa, mərasim yaxşı
alınmaz. Ona görə də bizə daha çox könüllü lazımdır. 2015-ci ilin ən böyük,
möhtəşəm şousunu yaratmaq istəyirik”.
Açılış mərasiminin bədii direktoru Dimitris Papayoannu
bildirib ki, bu vəzifəyə təyin olunduqda qürur, şərəf və təəccüb hissləri
keçirib. O, təyin olunduqdan dərhal sonra Azərbaycanın mədəniyyəti, tarixi ilə
maraqlanmağa çalışdığını və onların dərinliyi, zənginliyindən valeh olduğunu
vurğulayıb: "Hətta utandım ki, bunları niyə öncədən bilmirdim. Amma artıq
bilirəm və bütün dünya ilə paylaşmaq istəyirəm. Gözəl bir xəyal yaratmağa və
miyonlarla insanlarla paylaşmağa çalışırıq. Amma azərbaycanlılar olmasa, bunu
gözəl formada yerinə yetirə bilməyəcəyik. Açılış mərasimi ölkəyə açılan
pəncərədir. Azərbaycan mədəniyyəti, tarixinin önəmli elementlərini
birləşdirəcəyik. Elə edəcəyik ki, insanlar onu anlaya bilsinlər”.
Papayoannunun sözlərinə görə, seçim çox sadədir. Bunun üçün
sadəcə, insanların enerjisi lazımdır. Bədii direktor KİV vasitəsilə müraciət
etməyi də unutmayıb: "Hər kəs üçün açılış mərasimində düzgün yer tapılmalıdır. Xüsusi
bacarığı olanlar da, olmayanlar da gələ bilərlər. Bu, sizin üçün unudulmaz
xatirəyə çevrilə bilər. Bu, Azərbaycanda həyata keçirilən ən iri şou olacaq.
Həyatda belə bir şans bir dəfə ələ düşür. İstəməzdim ki, kimsə bu şansı
qaçırsın. Afina olimpiadasından 10 il keçməsinə baxmayaraq, şəhər küçələrindən
keçəndə insanlar mənə yaxınlaşaraq, açılışda müxtəlif işlərlə məşğul
olduqlarını deyirdilər. Bu, gözəl əyləncədir”.
"Bakı-2015”in mərasimlər üzrə direktoru Katerin Uqvu isə
Azərbaycanın sənət aləmində ən ad qazanmış sənətkarlarla işlədiklərini
açıqlayıb: "Bizim komandanın çox böyük təcrübəsi var ki, müxtəlif
mədəniyyətləri tanıtsınlar”.
Uqvu Açılış və Bağlanış mərasimlərinin ssenarisinin
tədbirədək gizli saxlanılacağını əlavə edib: "Açılış və Bağlanışın ən maraqlı
və unikal elementi onun sürpriz saxlanılmasıdır. İstəyirik ki, insanların gözləntiləri
getdikcə artsın. Əminəm ki, məyus olmayacaqsınız”.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə deyib
ki, "Bakı-2015”də könüllü kimi iştirak hər bir gənc üçün böyük şərəf və
məsuliyyətdir. Onun sözlərinə görə, hər bir vətəndaş Avropa Oyunları ilə bağlı
işlərdə istədiyi və bacardığı formada iştirak etməlidir: "Azərbaycanın gözəl,
savadlı, vətənini sevən gəncləri ölkəmizin tarixini, mədəniyətini nümayiş
etdirməlidir. Bizə sırf bu məqsəd üçün 6000 gəncin iştirakı lazımdır. Bu, çox
maraqlı və cəlbedici prosesdir. Təəssüflənirəm ki, öz yaşım keçib, yoxsa
məmnuniyyətlə iştirak edərdim. Azərbaycan gəncliyinin böyük potensialı var,
bundan da böyük işlərə qadirdir. Hər birinizi bu prosesdə iştiraka dəvət
edirik”.
Qeyd edək ki, tədbir zamanı Açılış və Bağlanış mərasimlərinə
xərclənəcək vəsaitin həcmi açıqlanmayıb. Səbəb kimi
hazırda büdcənin hələ tam dəqiqləşməməsi göstərilib.