"Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox vura bilərdik". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"ni 3:0 hesabı ilə yenən "Xəzər Lənkəran" komandasının baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis topa daha çox nəzarət etmələri və ötürmələrdəki dəqiqlik sayəsində qollar vurduqlarını açıqlayıb: "Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər. Topun daha çox bizdə qalması və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə saxladıq".
Bununla belə, Çətin bildirib ki, hələ hər şeyin mükəmməl olduğunu demək olmaz. Onun fikrincə, komanda istəkli olanda səhvlər azalır: "Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdır. Biz eyni ciddiyəti qorumalı və növbəti turda "Bakı" ilə oyuna da qələbə üçün çıxmalıyıq”.