
Futbol üzrə Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümünün gecikmə səbəbi müəyyənləşib. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Musayevin sözlərinə görə, bu, Azərbaycan millisinin avqustun ilk günlərində nəzərdə tutulan təlim-məşq toplantısı ilə əlaqədardır: "Biz təqvimi qurarkən, yığmamızın baş məşqçisi Berti Foqtsun da mövqeyini öyrənirik. Foqts avqustun əvvəllərində yığma üzvlərini toplanışa çağıracaq. Təlimin ardından - avqustun 9-da Premyer Liqaya start verəcəyik".
Təlim-məşq toplantısı yığmamızın avqustun 20-də Özbəkistanla keçirəcəyi yoldaşlıq görüşünə və sentyabrın 9-da Bolqarıstanla oynayacağı 2016-cı il Avropa çempionatının seçmə qrup matçına hazırlıq xarakteri daşıyacaq. Digər tərəfdən, avqustda klublarımızı Çempionlar Liqası və Avroliqada III təsnifat və "pley-off" oyunları gözlənilir. Bu isə yayın son ayında Premyer Liqada turların sayının az olacağından xəbər verir. Avrokubok matçları və yığmamızın oyunları UEFA və FİFA təqvimlərində nəzərdə tutulsa da, yığmamızın toplanışları Foqtsun istəyilə təyin edilir. Musayevin sözlərinə görə, növbəti mövsümün gedişində də bir neçə belə toplanışa şərait yaradılacaq. Amma təlimlər uzunmüddətli yox, 3-4 günlük olacaq.
PFL prezidenti isti hava şəraitini nəzərə alaraq, Premyer Liqada ilk turların gec saatlarda başlanmasının mümkünlüyünü də dilə gətirib. Bu, daha çox süni işıqlandırma sisteminə malik stadionlara şamil ediləcək.
Qeyd edək ki, yeni mövsümün püşkatma mərasimi iyulun sonlarında baş tutacaq.