
"Biz Böyükağa müəllimlə dava etməmişdik. Sadəcə, futbol - həyatıdır və bir-birimizdən uzaqlaşmışdıq”. Bunu Sportnet.az-a AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.
Əhmədov sabiq komandası "Neftçi”də ikən birgə çalışdıqları Böyükağa Hacıyevlə münasibətlərindən danışıb: "AFFA-da Pro kateqoriyalı məşqçilik kursunda idik. Elə alındı ki, təsadüfən yanbayan oturası olduq. Mənim həyatda heç kimə qarşı kinim, küskünlüyüm olmayıb. İmkan yaratmamışam ki, kimdənsə umacağım, yaxud kiminsə məndən umacağı olsun. Küsmək mənim həyat tərzimdə yoxdur. Bu futbol həyatıdır, hərdən biz onunla üz-üzə də gəlirik. Baxanda hamının gözünün içinə baxıram. Heç kimin yanında da gözü kölgəli deyiləm ki, kimdənsə qaçım. Heç kimdən çəkinəcəyim yoxdur. Bu həyatdır, mübarizədir. İndi hərəmiz başqa klublardayıq. Qismət beləymiş, belə də oldu”.
O, "Neftçi”dən göndərilməsindən də danışıb: ”Mən o ailənin bir üzvü idim. Hacıyev komandanın baş məşqçisi idi, bütün uğurlarımız da onun adı ilə gedirdi. Mənim boynuma nə yük düşürdüsə, onu da səmimiyyətlə yerinə yetirməyə çalışmışam. O uğurda zərrə qədər də köməyim olubsa, buna çox sevinirəm. İndi Allah o uğuru kimə və nəyə görə verdisə, onu ancaq özü bilir. O uğuru təkcə mənim adıma yazmaq da düzgün deyil. Mənim boynuma nə iş düşürdüsə, onu da vicdanımla başa çatdırdım. İşdən çıxarıldım. Onun səbəbini də heç araşdırmaq istəmədim. Biz məşqçilərin çemodanı həmişə qapı önündədir. Bu gün buradayıq, amma bilmək olmaz ki, 1 aydan sonra harada olacağıq, başımıza hansı iş gələcək? Ona görə də, o uğurda hamının əməyi vardı”.
Gənc mütəxəssis "Qorxmadınızmı ki, Böyükağa Hacıyev kursda da ayağınızın altını qazar” sualını gülüşlə qarşılayıb: "Orada ayaq altı qazılası bir şey yoxdur. Böyükağa müəllim insandır. İnsanın da insandan qorxacağı yoxdur. Mənim həyatda qorxduğum bir Allahdır. Əsas odur, Allahın qəzəbinə düçar olmayım. Bəndədə qorxulası nə var ki? Mən fikirləşmirəm ki, kimsə mənim ayağımın altını qazdı, yaxud necə oldu”.