"Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı". Sportnet.az-ın məlumatına görə, bunu debüt oyununda qələbə qazanan "Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk deyib.
"Qırmızı-qaralar" Topaz Premyer Liqasının XIX turunda "Bakı"nı penalti və avtoqolla yeniblər - 2:0. Qriqorçuk bildirib ki, futbolçuları oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilməyib, topu görəndə həyəcanlanıblar: "Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə "Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq".
Kamran Ağayevin "Qəbələ"dən ayrılmasına da toxunan baş məşqçi "Heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi” deyib.