"Belə bir oyunda məğlub olduq ki, bunu düşünmürdük. İlk hissədə sərgilədiyimiz oyuna əsaslanıb bunu deyirəm. Məğlubiyyətin səbəblərini bilirik və bunu analiz edəcəyik". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XX tur matçından sonra deyib.
Ukraynalı mütəxəssis Viktor Mendinin cərimə meydançasında yıxıldığı epizodu belə şərh edib: "Həmin vaxt qol vəziyyəti yaranmışdı. Burada qayda pozuntusunun olub-olmadığını deyə bilməyəcəyəm. Sadəcə, vurğulayım ki, həmin vaxt qol epizodu yaranmışdı".
Qriqorçuk bildirib ki, əvvəlki baş məşqçi Dorinel Muntyanunun vaxtında olanlar onun üçün maraqlı deyil. O, "Çernomorets"dən gətirdiyi oyunçuların əsas heyətdə oynadıqlarını və lazım gələni etdiklərini söyləyib: "Bizim qol epizodlarımız oldu. Əlbəttə ki, yaradılan epizodlardan maksimum yararlanmağımızı istərdik. Yəqin ki, növbəti oyunlarda bu da olar”.