Braziliya
və Xorvatiya milli komandaları arasında keçirilmiş DÇ-2014-ün açılış matçında
avropalıların qapısına təyin olunmuş penalti birmənalı qarşılanmayıb.
Sportnet.az yaponiyalı Yuiti Nasimuranın təyin etdiyi 11 metrlik cərimə zərbəsinin
doğru olub-olmaması ilə bağlı FİFA referisi Əliyar Ağayevə müraciət edib.
Son 2
mövsüm Azərbaycan Kubokunun finalını idarə etmiş ədalət təmsilçisi yaponiyalı həmkarının
qərarının yanlış olduğunu bildirib: "Olduqca ağır qərar idi. Doğrudur, həmin
epizodda təmas var idi. Ancaq bu cür toxunuşlara görə penalti təyin etmək
düzgün deyil. Başa düşürəm ki, oyun Braziliyada keçirilirdi, meydan sahibləri beşqat
dünya çempionlarıdır, ancaq bütün bunlara baxmayaraq, həmin anda heç vaxt "nöqtə”ni
göstərməzdim. Axı belədə, digər komandanın haqqını tapdamış olardım. Ümumilikdə, Nasimura oyunu normal idarə edib. Tərəfkeşlik hiss olunmurdu. Yalnız penalti
epizodundakı qərarı müzakirə mövzusu ola bilər ki, burda da, fikrimcə, səhvə
yol verib”.
Ağayev azərbaycanlı ədalət təmsilçiləri ilə müqayisədə yaponiyalının nəyinin üstün olması ilə bağlı fikrini bildirərkən, fərqli qitələri təmsil etdiklərini önə çəkib: "Bu oyunu nə avropalı, nə də cənubi amerikalı hakim idarə edə bilərdi. Deyə bilmərəm, hazırda Asiyada ondan səviyyəli referi var, ya yox. Hər halda karyerası ərzində 2-ci dəfədir ki, mundiala dəvət olunur. Bu da kiçik faktor deyil”.