
"Neftçi"nin futbolçusu Elvin Yunuszadə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyun barədə nə deyə bilərdiniz?
- "Qəbələ" ilə oyunlarımız həmişə çətin keçir. Yaxşı komandadır. Onları heç vaxt asanlıqla yenməmişik. Məncə, birinci hissədə pis çıxış etmədik. Ancaq ikinci hissədə buraxdığımız qollardan sonra arxada boşluqlar yarandı. Hakim haqqında danışmaq istəmirəm. Ancaq səhv eləmirəmsə, ikinci qol epizodunda top Cavid Hüseynovun əlinə dəymişdi. Düzdür, hakimin olduğu yerdən çətindir nəsə demək. Lakin mənim fikrimcə, top ələ dəymişdi. Belə baxanda, biz son 5 oyun idi uduzmurduq. Özümüzdən əmin idik. Ancaq bu, futboldur, biri udar, biri uduzar. Kubok oyununa hazırlaşacağıq.
- "Neftçi" 2-ci yeri düşünməli olduğu halda, artıq 3-cü pillədə qalmağı düşünməlidir. Ardından "Qəbələ" gəlir...
- Orada da biz qalib gəlmişdik. Çempionat hələ qabaqdadır. İndidən nəsə demək çətindir. Bu oyun artıq geridə qaldı, növbəti matçlara hazırlaşacağıq. Oldu-keçdi artıq.
- Aqil Məmmədovun yoxluğu oyuna nə dərəcədə təsir etdi?
- Aqilin komanda üçün yeri başqadır. Saşa Stamenkoviç də özünəməxsus qapıçıdır. Hansı birimizdə bu günə kimi səhv olmayıb?! Sadəcə, bu məqamda ona dəstək olmalıyıq ki, eniş yaşamasın. Məğlub olduqsa, "Neftçi" uduzdu. Tək Saşa uduzmadı.
- Heyətdə dəyişikliyin səbəbi nə idi?
- Baş məşqçinin qərarı belədir. Biz ona hörmətlə yanaşırıq.
- "Qəbələ"nin qolundan sonra bir neçə epizodda münaqişə yarandı.
- Olur belə hallar. Meydanda olan meydanda qaldı, kənara çıxmır.
- Demək olar ki, "Neftçi"nin fikri ancaq kubokdadır?
- Deməzdim. Hələ çempionat da davam edir. O da bizim üçün vacibdir. Kubokda hələ heç nəyi təmin etməmişik.
- Düşünürsünüzmü ki, "İnter"lə oyun öncəsi belə məğlubiyyət komandada psixoloji gərginlik yaradacaq?
- Bizim üçün də xoş deyil. Məşqçimiz də bizə dəstək olar. İnşallah, gələn oyuna tam hazır olacağıq.