
"Qəbələ” klubunun Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub etdiyi matç rekord və yubileylərlə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Roman Qriqorçukun komandası həm ümumi, həm də səfərdə qazanılan qələbə sayında ən yüksək nəticəyə imza atıb.
Ardıcıl 8-ci qələbə
"Qəbələ” həm öz tarixinin, həm də mövsümün rekordunu yeniləyib. Bunadək hesabındakı ardıcıl 7 qələbə ilə hər iki rekorda imza atan "qırmızı-qaralar” öz nəticələrini daha da yaxşılaşdırıb. Sonuncu dəfə fevralın 15-də "Neftçi” ilə ev oyununda (1:3) xal itirən komanda "Xəzər Lənkəran”la matçda başlayan seriyasını elə "ağ-yaşıllar"la görüşdə də davam etdirib. Bu matçadək "qırmızı-qaralar" "Xəzər Lənkəran”ı 3:1, "Qarabağ”ı 1:0, "Sumqayıt”ı 2:0, "İnter”i 2:1, AZAL-ı 4:0, "Simurq”u 1:0, "Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin ən uzun qələbə seriyası (texniki nəticələr nəzərə alınmamaqla) "Kəpəz”ə məxsusdur. Gəncə təmsilçisi 1997/1998 və 1998/1999 mövsümlərində ardıcıl 20 qələbə qazanıb. 8 və daha çox qələbədən ibarət seriyaların ümumi sayı 26-ya bərabərdir. "Qəbələ”nin nəticəsi son 2 mövsüm üçün mütləq, son 4 çempionat üçün şərikli rekorddur.
İlk dəfə "5”
"Qəbələ” həm də Premyer Liqada ardıcıl 5 səfər oyununda qələbə qazanıb. Fevralın 10-da "Simurq”la qarşılaşmada (0:2) xal itirən "qırmızı-qaralar” Lənkərandakı minimal hesablı qələbəyədək "Qarabağ”ı 1:0, "İnter”i 2:1, AZAL-ı 4:0, "Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. Bu da klub tarixinin yeni rekordudur. 2012-ci ilin sonundakı 4 qələbədən ibarət rekord yenilənib. Həmin vaxt bu komanda "Qarabağ”ı 2:1, "Rəvan”ı 3:1, "Sumqayıt”ı 1:0, "Turan”ı 2:0 hesabı ilə üstələmişdi.
2183 gündən sonra
İlk dəfə 2006-cı ildə "Xəzər Lənkəran”la qarşılaşmış "Qəbələ” indiyədək 1 dəfə səfərdə rəqibinə qalib gəlib. Bu da 2009-cu il mayın 3-də baş tutmuş çempionat oyununa təsadüf edib. Həmin görüşdən 2183 gün sonra Lənkəranda qalib gələn "Qəbələ” o vaxt 3 xalı 2:1 hesablı qələbə ilə əldə etmişdi. Sonrakı 6 ildə səfərdəki 10 oyunda (9 çempionat, 1 kubok) "qırmızı-qaralar” 4 heç-heçə etmiş və 6 dəfə məğlub olmuşdu. Ümumilikdə isə komanda 15 səfər oyununda 2 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə məğlub olub.
Rekordun 2 addımlığında
"Xəzər Lənkəran”la oyunda yeganə qolu vuran Cavid Hüseynov şəxsi rekordunu yeniləyərək, qol hesabını 10-a çatdırıb. Yarımmüdafiəçi həm də "Qəbələ”nin tarixində 2-ci nəticəyə imza atıb. Yalnız Daniel Subotiç bir mövsümdə daha çox qol vurub. O, 2013/2014 mövsümündə 12 dəfə fərqlənib. Çempionatın sonuna 4 oyun qaldığından, Hüseynov 2 addımlığında olduğu rekorda da çatmaq imkanına malikdir.
12-ci bombardir
Cavid Hüseynov "Qəbələ” karyerasında qol hesabını 10-a çatdırıb. Kubokda fərqlənməyən yarımmüdafiəçi Premyer Liqada 10 dəfə rəqib qapılarına yol tapıb. O, bununla da klub tarixində 10 və daha çox qol vuranların sayını 12-yə çatdırıb. Hüseynovdan başqa Viktor Mendi 31, Dodo 23, Rövşən Əhmədov 20, Kənan Kərimov 18, Yannik Kamanan 17, Deon Barton 15, Daniel Subotiç 13, İbrahim Hüseynov və Vitali Balamestnı hərəyə 12, Rəşad Yusubov 11, Samir Zərgərov 10 qol vurub.
Çempionatda 8-ci
Premyer Liqada isə 10 və daha çox qol vuranların sayı 8-ə çatıb. Hüseynovdan başqa Viktor Mendi 27, Dodo 21, Yannik Kamanan 16, Deon Barton 15, Daniel Subotiç 12, Kənan Kərimov və Vitali Balamestnı hərəyə 11 dəfə fərqlənib.