"İlk hissədə məğlub duruma düşdük və 10 nəfərlə qaldıq. Ancaq uşaqlar ikinci hissədə yaxşı oyun nümayiş etdirdilər. Mübarizə apardılar və qol vurduq".Sportnet.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin futbolçusu Rauf Əliyev deyib.
O, Topaz Premyer Liqasının XXXII turunda "Sumqayıt"la ev oyununda 2:2 hesabı ilə bitən matçda səhvlərə yol verdiklərini bildirib: "Bu oyuna üç xal üçün çıxmışdıq. Çünki "Qəbələ" ilə 3-cü yer üçün mübarizə aparırıq. Açığı, "Neftçi" çox zəif oynadı. Arxa xətdə səhvlərə yol verdik. Komanda qollar vurur, amma müdafiədə səhvlərə yol verir".
Su çiçəyi xəstəliyi tam sağalan 26 yaşlı hücumçu artıq 4-5 gündür məşqlərə başladığını bildirib: "4-5 gün olar məşqlərə başlamışam. Dünən oyun üçün fiziki məşqlər etdim. Çalışacam ki, formaya düşüm. Bura gələndən az şans qaza bildim. Xəstələndim, hər şey üst-üstə gəldi. Ancaq oynasam, daha çox şans qazanacam".
Milli komandanın baş məşqçisi Robert Prosineçkinin "Neftçi"də milliyə layiq futbolçu yoxdur sözlərinə isə Əliyev şərh vermək istəməyib.