"Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin Sportnet.az-a müsahibəsi
- "Qarabağ”ın aparıcı bir üzvü kimi cari mövsümdəki çempionluğunuzu necə dəyərləndirərdiniz?
- Bu çempionluğu qazanmaq üçün uzun yol gəlmişik. Ümumiyyətlə, həm çətin, həm də asan oyunlarımız olub. Amma çətin oyunlarımız daha çox olub. Bütün komandalar "Qarabağ"a qarşı tam fərqli hazırlaşır, bizdən xal almağa çalışırlar. Bu səbəbdən, biz bəzi oyunlarımızı çox çətin keçirdik. Yenə də Allahın köməkliyi ilə rəqiblərimizi məğlub edə bildik. Komandamızın stabil çıxış etməsi bizi çempionluğa daşıdı.
- Bəs öz çıxışınız barədə nə deyə bilərsiniz?
- Özümü elə də pis görmədim. Belə baxanda, cəmi iki oyun buraxmışdım. Qalan bütün oyunlarda çıxış etmişəm. Çalışırdım ki, hər dəfə start heyətdə meydana çıxa bilim. Baş məşqimiz də komandaya xeyir verdiyimi görürdü.
- Bu çempionluqdan sonra sizin avrokuboklardakı hədəfiniz nə olacaq? Çempionlar Liqasında nəsə etmək istəyirsiniz, yoxsa Avropa Liqasına köklənmisiz?
- Əvvəla, çalışacağıq ki, Çempionlar Liqasında özümüzü göstərək. Oraya adımızı yazdıraq. İndi bu Allahın işidir, əvvəlcədən bilmək olmaz. Bizim məqsədimiz o olacaq ki, Çempionlar Liqasında güclü komandalara qarşı özümüzü sınayaq. Məlum olduğu kimi, Almaniyanın "Borussiya" (Dortmund), "Ayntraxt” kimi güclü klubları ilə də qarşılaşmışıq. Həmin oyunlardan da göründüyü kimi, güclü komandalarla matçlarda problemlər yaşayırıq. Ona görə də bu mövsüm çox ciddi hazırlaşacağıq. Çünki bilirik ki, bizi güclü rəqiblər gözləyir. Çalışacağıq ki, Çempionlar Liqasında II və III təsnifat mərhələlərini keçək və sonra da baxaq görək gücümüz nəyə çatır.
- Sizcə, "Qarabağ” hazırkı vəziyyəti ilə Çempionlar Liqasında mərhələ adlamağa qadirdir, yoxsa komandaya əlavə oyunçular cəlb edilməlidir?
- Hazırda komandada potensial var, amma əlavələr də olsa, daha yaxşı olardı. Yaxşı güclü futbolçular gəlsə, bizə kömək edə bilərlər. Biz demirik ki, bizə heç kim lazım deyil. Bu heyətlə Çempionlar Liqasında ancaq bir mərhələ keçə bilərik. Ona görə də bizə yeni güclü futbolçular lazım olacaq.
- Futbolçularınız açıqlamalarında komandada hücumçu çatışmazlığının olduğunu demişdilər. Siz bu fikirlərlə razılaşırsınız?
- Əlbəttə, bizə güclü hücumçu da lazımdır. Bizə elə hücumçu lazımdır ki, həm komandaya yaxşı adaptasiya ola bilsin, həm də qollar vursun. Hesab edirəm ki, sırf hücumçu olmasa da olar. Belə desək, bizə daha bir Reynaldo lazımdır.
- Komandanız Nikolas Gelaşvili və Jaba Dvali kimi hücumçular almışdı. Onların çıxışlarını necə dəyərləndirirsiniz?
- Gelaşvilinin çıxışı bir az qeyri-stabil oldu. O, mənimlə meydanda toqquşmuşdu və zədə almışdı. Xeyli vaxt oynamadı. Sonra qayıtdı və bir daha həmin nahiyəsindən zədələndi. Bu səbəbdən, baxımlı oyununu görə bilmədik. İndi onun haqqında da çox danışmaq düzgün olmaz. Çünki Gelaşvili ilə bağlı heç bir narahatçılığımız yoxdur. Dvaliyə gəldikdə, o, elə bil ki, bizim üslubumuza tam uyğun deyildi. Çünki bizim komandada bir az başqa cür futbol oynanılır. Ona görə də bir az problemlər yaşayırdı. O da özünə görə yaxşı futbolçu idi, amma bizdə alınmırdı.
- Sizin klubunuzla müqaviləniz nə vaxt başa çatır?
- Mənim daha bir illik müqaviləm var. Çox xoşbəxtəm ki, "Qarabağ”da çıxış edirəm. İndi baxırsan ki, başqa klublarda problemlər olur. Maliyyə çətinlikləri yaşanır. Amma bizdə belə problemlər olmur. Ona görə də burada çox xoşbəxtəm. Rəhbərliklə də aram yaxşıdır.
- Müqavilənizin artırılmağı ilə bağlı rəhbərliklə danışıqlarınız olub?
- Yox, hələ ki, belə danışığımız olmayıb. Hesab edirəm ki, bu barədə problemim də olmayacaq.
Elmar VƏLİYEV
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |