
"Binəqədidə baş vermiş yanğınla bağlı bu gün hər birimizin ürəyinin ağrıdığı gündür. İstəməzdim bu günü bu şəkildə qeyd edək. Həyatdır. Mənim arzum budur ki, "Qarabağ"ın bu möhtəşəm uğuru, tarix yazması cənab prezidentimiz başda olmaqla, "Qarabağ" sevən milyonlarca azərbaycanlının ürəylərinə məlhəm olsun. Ona görə sevinirəm". Sportnet.az-ın məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun prezidenti Tahir Gözəl deyib.
Topaz Premyer Liqasının XXXV turunda "İnter" ilə oyundan sonra (1:2) Gözəl jurnalistlərlə söhbətində komandanın avrokubok şansları və transfer planları haqda da danışıb: "Qarabağ" bu heyətlə Avropa oyunlarına tam hazırdır. Bilirsiz ki, futbolda çox şey bəxtdən asılıdır. Ötən mövsüm bir çox məsələdə bəxt amili rol oynadı. "Qarabağ" haqsızlığa uğramasaydı, tur adlamış olacaqdı. Hər birimiz "Dnepr"in qazandığı nəticələrin şahidiyik. "Qarabağ" bu il daha təcrübəli komandadır. Həmin heyətdir. İki yeni yaxşı transferimiz var. Mən Elvin Məmmədov və Coşqun Diniyevdən gözəl dəstək gözləyirəm. Bu gün Elvin qolun vurulmasinda çox gözəl rol oynadı. Mən ümidliyəm. İddiamız var. İnşallah yaxşı çıxış edəcəyik. Hələ ki axtarırıq. Ola bilsin, bir neçə xarici futbolçu transfer etdik. Hələ ki baxışlar gedir.
Klub rəsmisi son olaraq iyunun 3-də "Neftçi" ilə Azərbaycan Kubokunun final görüşü ilə bağlı fikirlərini bölüşüb: "Neftçi" ilə oyunda olmağı səbirsizliklə gözləyirəm. Bu görüşdə nəticə aydın olduğu üçün öyrəşdiyimiz həyəcan yox idi. Rahatlıq var idi. Amma "Neftçi" ilə oyun möhtəşəm olacaq. O görüşə çox ciddi hazırlaşaçağıq. Xüsusən də rəqibimiz "Neftçi" olduğu üçün komandanın qarşısına tələb qoyulub. Böyük həsrətlə iki şirin savaşını gözləyirəm".