
"Artıq ilk addımı attıq. Klubun Müşahidə Şurasının tərkibini formalaşdırdıq və ilk iclasını keçirdik. İnanıram ki, əvvəlki "Kəpəz"i qaytaracağıq". Bu sözləri Sportnet.az-a açıqlamasında "Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyev deyib.
Klub rəsmisi "Kəpəz"in büdcəsi və transferlərinə bir neçə günə aydınlıq gələcəyini bildirib. O, Gəncə şəhər stadionunda tezliklə yüksək səviyyəli təmir işlərinə başlanılacağını açıqlayıb: "Təmir işləri yeni mövsümün ilk oyununa kimi yekunlaşmasa, komandamız rəqibini ya ehtiyat meydançamızda, ya Yevlax şəhər stadionunda, ya da AFFA-ya sifariş verdiyimiz Bakıdakı "Dalğa Arena"da qəbul edəcək. Amma Gəncənin icra başçısı Elmar Vəliyevin arzusudur ki, ilk ev oyunumuzu Gəncə şəhər stadionunda keçirəcək. Bu gün stadionu gəzəcəyik. Əsas meydançada yüksək səviyyədə təmir aparılacaq".
M.Allahverdiyev gec-tez doğma azarkeşlər qarşısına çıxacaqlarını da əlavə edib: "Biz oyunlarımızın Gəncədə olmasını istərdik. Tovuz, Gəncə, Lənkəranda güclü azarkeş dəstəyi var. AFFA rəhbərliyinin də arzusu bölgələrdə futbolun olmasıdır".
Qeyd edək ki, mayın 27-də "Kəpəz"in Müşahidə Şurasının iclasında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev sədr, Mehman Allahverdiyev isə icraçı direktor seçilib.