Azərbaycanın sambo üzrə milli komandası mötəbər yarışa dəvət alıb. Bu barədə Sportnet.az-a yığmamızın baş məşqçisi Yaqub Abdullayev məlumat verib.
Onun sözlərinə görə, millimiz sentyabrın 27-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Prezident Kubokuna qatılacaq. 3 gün davam edəcək yarışa dünyanın ən güclü 8 komandası çağırılıb. Baş məşqçi komandamızın bu yarışa qatılma səbəbini də açıqlayıb: "Ötən ay Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatı keçirildi. Həmin yarışda 3 finalçı Azərbaycandan oldu. Ümumi komanda hesabında 36 ölkə arasında 4-cü yerə çıxdıq. Hazırda ölkəmiz dünya sambo reytinqində ilk "5-lik”dədir. Bu, böyük nəticədir”.
Abdullayev bildirib ki, ilk dəfə baş tutacaq belə bir böyük və möhtəşəm yarışda ölkəmizin də yer alması sambomuz adına böyük bir irəliləyişdir: "Bu yarışda iştirak edən komandalar dünyanın favoritləri, liderləridir. İndiyədək sambo tarixində belə bir yarış olmayıb”.
Baş məşqçi Prezident Kubokunun digər iştirakçılarını da açıqlayıb: "Yarışda Rusiya, Belarus, Qazaxıstan, İngiltərə, Amerika, Afrika və Asiya yığmaları da iştirak edəcək. Onlar bizi necə güclü rəqib görürlərsə, biz də onlara eyni gözlə baxırıq. Bir də görürsən, heç gözləmədiyin komanda hazırlığı yüksək səviyyədə təşkil edir və ilk "5-lik”də qərarlaşır. Biz yarışa tam mükəmməl hazırlaşırıq. Zəif komanda olmur. Hər bir komanda güclü hazırlıqdan sonra mötəbər yarışa yollanır. O cümlədən biz də”.
Sevinc XANQIZI