AZAL-ın futbolçusu Freddi Mombonqonun Sportnet.az-a müsahibəsi
- Mövsümün son oyununda "Neftçi" ilə qarşılaşdınız. Hesabda geri olsanız da, son anda bərabərlik topunu vurmaq mümkün oldu. Oyun haqda təəssüratlarınızı bölüşərdiniz...
- Ümumilikdə oyun bərabər səviyyədə keçdi. Bizim qırmızı vərəqə almağımızdan sonra "Neftçi" bir müddət üstünlüyü ələ aldı. Lakin onlar da "qırmızı" aldıqdan sonra yenə bərabər səviyyəli oyun keçdi. Biz heç-heçə etdik, amma qələbə də qazana bilərdik.
- AZAL mövsümü 6-cı pillədə tamamladı. Komandanız üçün mövsümü necə dəyərləndirirsiniz?
- Fikrimcə, yaxşı mövsüm keçirmişik. Kiçik büdcənin olmasına baxmayaraq, yaxşı baş məşqçi ilə yaxşı mövsüm keçirdik.
- Zaqatalada "Simurq"la keçirilmiş oyunda penalti zərbəsini yerinə yetirə bilmədiniz. Bəlkə elə bu andan sonra AZAL Avropa Liqası şanslarını itirdi?
- Düşünürəm ki, yaxşı mövsüm keçirmişəm. Qazandığımız qələbələrin hamısında mənim rolum olub. Gəlin bombardirlər siyahısına baxaq. Mən də o sıradayam. Düşünürəm ki, heç də pis çıxış etməmişəm.
- Adınız bir neçə klubla hallanır. Gələcək karyeranız haqda nə deyərdiniz?
- Müqaviləm bitir. Azərbaycandan və ölkə xaricindən yaxşı təkliflər var. Artıq mövsüm bitdi və bu məsələlər haqda düşünə bilərəm. Mənimlə maraqlanan klublarla danışıqlar aparmalıyam. Menecerimlə bu barədə söhbət edəcəm. Deyə bilərəm ki, 2 həftə vaxt istəyəcəm. Bu məsələləri ətraflı təhlil etməliyəm.
- "İnter" klubunun maddi problem yaşaması səbəbindən AZAL Avropa Liqasında çıxış edə bilər. Belə olarsa, bu amil sənin seçimində necə rol oynayacaq? Buna görə AZAL-da qalarsan?
- Bütün təklifləri təhlil etməliyəm. Bundan sonra qərar verə biləcəm. İndi bu haqda nəsə deyə bilmərəm.