Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çin idmançısı Hou Yifanla bərabərə qalıb. Sportnet.az-ın məlumatına görə, ilk turda yarım xal qazanan Teymur Rəcəbov görüş haqda açıqlamaısnda onun üçün rəqibinin fərq etmədiyini bildirib: "Mənim üçün fərqi yoxdur xanım rəqib və ya əksinə. Əsas odur ki, lazım olanda həlledici gedişi etmək lazımdır. Bu gün görüşün əvvəlində cüzi üstünlük qazanmışdım. Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir. Yifanın müdafiədə problemləri var idi. Üstünlüyü inkişaf etdirmək mümkün olmadı. İrəliləyiş görünmürdü.
Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm. Hou Yifan güclü şahmatçıdır. Kifayət qədər təcrübəyə malikdir. Bir sıra turnirlərdə qələbə qazanıb. Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz".
Çin idmançısı, qadınlar arasında dünya çempionu Hou Yifan ilk turun nəticəsindən razı olduğunu bildirib: ""Teymur düzgün gedişlərlə üstünlük qazandı. Partiyaya o qədər yaxşı başlamadığımdan ehtiyatlı oynayırdım. Heç-heçə yaxşı nəticədir. Kişilər arasında turnirdə iştirak etmək hər zaman mənim üçün maraqlıdır. Karyeramda həm kişilər, həm qadınlar arasında turnirlərdə mübarizə aparıram. Heç vaxt deməmişəm ki, qadınların yarışında iştirak etməyəcəm".