Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında ikinci tay-breyk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 37 yaşlı qrossmeyster bu dəfə ağ fiqurlarla oynayıb.
34-cü gedişdə təslim olan Məmmədyarov turnirdə mübarizəni dayandırıb.
-----------------------------------
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında ilk tay-breyk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub. Azərbaycan təmsilçisi ikinci qarşılaşmada qələbə qazana bilməsə, turnirdə mübarizəni dayandıracaq.
Digər tay-breyk görüşündə isə Uesli So (ABŞ) Məhəmməd Amin Tabatabaiyə (İran) qalib gəlib.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.