"Ümumilikdə yaxşı oyun alındı. Uzun yol gəlməyimizə baxmayaraq, qalibiyyət çox vacib idi. İki oyunun nəticəsində 6 qol vurmaq və top buraxmamaq yaxşı nəticədir. İlkin mərhələni keçdiyinə görə komandamı təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İslandiyada "Vestri"yə 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
54 yaşlı mütəxəssis Bolqarıstanın MOİK (Sofiya) kollektivi ilə keçirəcəkləri növbəti mərhələ qarşılaşmaları barədə də danışıb: "Bu kollektivlə sabahdan maraqlanacağıq. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq. Çünki çatışmazlıqlarımız var. Amma əvvəlki oyuna nisbətən cavab görüşünü belə bir hava şəraitinə rəğmən, daha səliqəli oynamağı bacardıq. Vaxtımız var və inanıram ki, növbəti rəqiblə qarşılaşmalarda daha yaxşı idman formasında olacağıq".
Qurbanov Çempionlar Liqasında mərhələ adlayan "Sabah"ı və Konfrans Liqasında ilk səddi keçən "Zirə"ni təbrik edib: "3 klubun ifasında 6 oyunda 6 qələbə əmsallarımızın sayının çoxalması deməkdir. Buna çox sevinir və hər bir komandamıza uğurlar arzulayıram".










































































