
Hollandiyanın paytaxtı Amsterdamda keçirilən akademik avarçəkmə üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, mükafatlar uğrunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da var.
24 yaşlı avarçəkən 1/4 finalda 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəni 7 dəqiqə 15,820 saniyəyə qət edərək, yürüşün qalibi olub. O, kanadalı Julyen Bahen (07:19.620), isveçrəli Barnabe Delarzeni (07:22.450), çinli Qanq Qanq Lini (07:24.930), meksikalı Xuan Karlos Kabreranı (07:26.900) və argentinalı Brayan Rossonu (07:42.370) üstələməyi bacarıb. Aleksandrov ilk "3-lüy"ə düşən kanadalı və isveçrəli idmançılarla birgə yarımfinala yüksəlib. Növbəti mərhələ yürüşləri avqustun 29-da olacaq.
1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə 1/4 final yürüşünə qatılan Cavid Əfəndiyev isə ilk "3-lüy"ə düşə bilməyib. Finişə 7 dəqiqə 25,840 saniyəyə çatan Əfəndiyev 4-cü yeri tutub. İlk "3-lüy"ə düşən almaniyalı Lars Hartiq (07:13.670), İrlandiyalı Paul O Donovan (07:14.760) və danimarkalı Steffen Yensen (07:25.840) yarımfinala yüksəlib. Əfəndiyev ən yaxşı halda 13-cü yer uğrunda mübarizə apara bilər.
Nəhayət, 2 nəfərlik sükansız qayıqla (M2-) 2000 metr məsafəyə təsəlli yürüşündə İqor Luçiç - Luka Corceviç dueti finişə 7 dəqiqə 16,410 saniyəyə çata bilib. Bu nəticə ilə 3-cü olan duetimiz ilk 2 yerdən birini tuta bilmədiyindən, mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Onlar 13-cü yer uğrunda yarımfinal yürüşündə isə finişə 6 dəqiqə 56,750 saniyəyə çataraq, 1-ci olublar. Təmsilçilərimiz C finalında çıxış edəcəklər.