
Serbiyanın paytaxtı Belqradda akademik avarçəkmə üzrə Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, nüfuzlu yarışda Azərbaycanı 3 avarçəkən təmsil edir.
Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1x), Aleksandr Aleksandrov - Boris Yotov dueti isə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılıb. Əfəndiyev seçmə mərhələdə finişə 7 dəqiqə 16,020 saniyəyə çataraq, 4-cü olub. Bu nəticə təmsilçimizin təsəlli yürüşündə iştirakına yetərli olub. Lakin o, növbəti yürüşündə məsafənin yarısını hamıdan tez keçsə də, yekunda 7 dəqiqə 16,740 saniyə göstərici ilə 4-cü yeri tutub. "İlk 3-lüy"ə düşə bilmədiyindən, Əfəndiyev medal şansını itirib. O, mayın 31-də 13-cü yer uğrunda mübarizəyə imkan verən C yarımfinalında çıxış edəcək.
Aleksandrov - Yotov dueti isə seçmə yürüşdə 6 dəqiqə 16 saniyə nəticə ilə finişə 1-ci çatıb. Bununla da cütlüyümüz birbaşa yarımfinala yüksəlib. Onların mayın 31-də keçiriləcək növbəti yürüşdə rəqibləri Çexiya, Hollandiya, Almaniya, Danimarka və Rumıniya təmsilçiləri olacaq. Duetimiz ilk "3-lüy"ə düşəcəyi halda, finala adlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyunun 1-də yekun vurulacaq.