Avropa Kanoe Assosiasiyası (ECA) oktyabrın 21-də start götürəcək Beynəlxalq Mingəçevir Reqatasını özünün təqvim planına salıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən Sportnet.az=a verilən məlumata görə, üç gün davam edəcək turnir ECA-nın rəsmi saytında da yerləşdirilib. Yeniyetmə və gənclər arasında təşkil olunacaq reqatada avarçəkmənin müxtəlif növləri üzrə idmançılar yarışacaqlar.
Eyni zamanda, ECA-nın saytında gedən xəbərdə AKAF prezidenti Vüqar Əhmədovun dəvət məktubu və yarışın Əsasnaməsi əksini tapıb.
Dəvət məktubunda bütün xərclərin yerli Təşkilat Komitəsi tərəfindən çəkiləcəyi bildirilib. Bura 4 idmançı və 1 məşqçinin təyyarə biletləri, hava limanından götürülmə və qaytarılma, qidalanma və məskunlaşma, o cümlədən, akkreditasiya xərcləri daxildir. Həmçinin, qonaq komandalar qayıqlarla pulsuz təmin olunacaqlar. Komandalar sentyabrın 20-dək iştiraklarını təsdiqləməli və oktyabrın 20-dək Azərbaycana gəlməlidirlər.
Qeyd edək ki, keçmiş SSRİ dönəmində təşkil olunan Mingəçevir Reqatasında nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrindən olan idmançılar iştirak edib və bu yarış ümumittifaq kateqoriyalı reqatalar içərisində önəmli yer tutub.