Azərbaycan ardıcıl 2-ci gündür avrokuboklarda tarixi günə şahidlik edir. Ötən gecə Azərbaycanla Şotlandiyanın klublarının avrokuboklarda ilk dueli Çempionlar Liqasının III təsnifat mərhələsində Qlazqoda "Seltik” – "Qarabağ” matçıyla oldusa, bu dəfə başqa tarixi məqamlar öz plana keçir.
Kiprlilərlə tarixi nəticələrimiz
Əvvəla, avrokuboklarda yubiley - 20-ci mövsümümüzdə ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsində 2 klubla təmsil olunuruq. Bunlar gümüş medalçı "İnter”lə bürünc mükafatçı "Qəbələ”dir. Özü də hər ikisi tarixlərində ilk dəfə avrokuboklarda 2 mərhələ adlayaraq III təsnifat mərhələsinə yüksəlib. "Bankirlər” Bakı vaxtilə saat 23:45-də Bilbao şəhərinin məşhur təmsilçisi "Atletik”in qonağı olacaq. Bununla ölkəmiz Şotlandiyanın ardınca İspaniyayla da qitəmiqyaslı turnirlərdə ilk dəfə rəqib olacaq.
"Qəbələ” isə Bakı vaxtilə saat 22:00-da Larnaka şəhərində "Apollon”la üzləşəcək. Bu komanda Limassol şəhərini təmsil etsə də, avrokuboklarda ev matçlarını Larnakada keçirir. Azərbaycanla Kiprin avrokuboklarda görüşləri "Neftçi”ylə APOEL arasında olub. Birində kiprlilər sevinib, digərində biz. Tarixi məqamlar odur ki, Azərbaycan avrokuboklarda ilk xalını 1995-ci ildə APOEL-lə Sumqayıtda qolsuz bərabərliklə, ilk dəfə qrupa düşməsini isə 2012-ci ildə pley-offda APOEL-ə Nikosiyada 3:1 hesabıyla qalib gəlməklə əldə edib. Yeri gəlmişkən, həmin oyunda fərqlənən, "Neftçi”nin kapitanı olan yarımmüdafiəçi Rəşad Sadiqov bu ildən "Qəbələ”nin şərəfini qoruyur.
Daha çox "Qarabağ”la
Ölkəmiz UEFA kubokunda heç vaxt III təsnifat mərhələsində təmsil olunmayıb. Debüt turnir Avropa Liqası adlandığı 2009-cu ildə "Qarabağ”la olub. Bu mərhələdə ən çox iştirak edən təmsilçimiz də məhz Ağdam klubudur – 5-dən 4-də. Bir dəfə isə "Neftçi” III təsnifat mərhələsində çıxış edib.
Ümumiyyətlə, bu mərhələnin ilk oyunları bizim üçün uğurlu olub. Təsadüfi deyil ki, 5 matçdan 3-də qələbəmiz qeydə alınıb. Yeganə heç-heçə "Neftçi”ylə, yeganə məğlubiyyətimiz isə böyük hesablı olub. Yeri gəlmişkən, "Qarabağ”ın yalnız "Brügge”yə uduzduğu məhz həmin ildə Azərbaycan III mərhələyə keçə bilməyib. Qalan 4 dəfə isə pley-off mərhələsinə vəsiqə qazanmışıq. Klublarımız III təsnifat mərhələsində indiki kimi ilk 3 dəfə mübarizəyə səfərdə, sonrakı 2 dəfə evdə başlayıb.
Klublarımızın Avropa Liqasında III mərhələdə ilk oyunları
2009/10 mövsümü
30 iyul. Helsinki. "Honka” (Finlandiya) – "Qarabağ” – 0:1
Qol: Elvin Məmmədov
2010/11 mövsümü
29 iyul. Krakov. "Visla” (Polşa) – "Qarabağ” – 0:1
Qol: Vüqar Nadirov
2011/12 mövsümü
28 iyul. Brügge. "Brügge” (Belçika) – "Qarabağ” – 4:1
Qol: Rauf Əliyev
2013/14 mövsümü
1 avqust. Bakı. "Qarabağ” – "Gefle” (İsveç) – 1:0
Qol: Reynaldo Silva
2014/15 mövsümü
31 iyul. Bakı. "Neftçi” – "Çixura” (Gürcüstan) – 0:0
Bu mərhələdə əsasən azərbaycanlılar qol vurur
Əslində, III mərhələdən söhbət açırıqsa, siftə 2008-ci ildə, özü də qələbəylə olub. Ancaq həmin vaxt "Neftçi”nin çıxış etdiyi İntertoto kuboku UEFA kubokuna vəsiqə verən kiçik bir turnir idi. Ancaq o, UEFA kuboku 2009-cu ildə Avropa Liqası adını daşımağa başlayandan ləğv olunub. İntertoto kubokunda III mərhələdə güclü olanlar turnirin qalibləri kimi UEFA kubokuna vəsiqə qazanırdılar. Ancaq "Neftçi” onda Rumıniyanın "Vaslui” klubunu keçə bilmədiyindən bu şansı qaçırdı – evdə 2:1, səfərdə 0:2. Sadiqov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qələbə topunun müəllifi olub. İlk qolu ukraynalı yarımmüdafiəçi Oleq Gerasimyukun vurduğunu nəzərə alsaq, Rəşadı avrokuboklarda III mərhələdə fərqlənən ilk azərbaycanlı futbolçu saymaq olar.
Ümumiyyətlə, bu mərhələnin ilk matçlarında daha öz oyunçularımızın qol vurması diqqət çəkir. Yalnız 1 dəfə legioner - "Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silva rəqib qapısına yol tapıb.