Bu gün futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinə start veriləcək. Sportnet.az-ın məlumatına görə, ümumilikdə UEFA-ya 53 üzv ölkə yığması Fransada keçiriləcək çempionatın final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.
Onlar 9 qrupa bölünüblər. Qruplardan 8-də 6 yığma, 1-də isə 5 yığma yer alıb. Bu seçmə tsiklin əsas özəlliyi ondadır ki, təşkilatçı ölkədən əlavə, final mərhələsinə 15 yox, 23 milli komanda yüksələcək. Başqa sözlə, hər qrupda ilk 2 yeri tutan və ən yaxşı göstəriciyə malik 3-cü komanda Fransaya birbaşa vəsiqəyə sahib çıxacaq. 3-cü yeri tutan qalan 8 ölkə isə 4 "pley-off" matçında ev və səfər prinsipi ilə son 4 vəsiqə uğrunda yarışacaq.
Hesablamalara əsasən, Avro-2016-ya qrupda 2 qələbə və ya maksimum 5 məğlubiyyət alan komandalar iddia edə bilər. Belə nəticə göstərən qrup 3-cüləri "pley-off"da səfər qolu üstünlüyü ilə 2 heç-heçə və ya penaltilər seriyasında qələbəyə nail olsalar, özlərini Fransada görəcəklər.
Belə bir inqilabi yenilik Mişel Platininin UEFA prezidenti seçilməsindən sonra elə özü tərəfindən və həm də onun vətənindəki qitə çempionatı üçün həyata keçiriləcək. Aydındır ki, bu addım isə kiçik futbol ölkələrinin, o cümlədən Azərbaycan futbolunun müəyyən uğurlar qazanması məqsədilə atılıb. Daha öncə Platini Çempionlar Liqası və Avropa Liqasının formatında etdiyi dəyişikliklə belə ölkələrin qrup mərhələsində təmsil olunmasına şərait yaradıb. Təsadüfi deyil ki, 2 il öncə "Neftçi", bu il isə "Qarabağ" belə fürsətdən yararlana bilib. Necə deyərlər, top bizdədir!
İndi Azərbaycan millisi və daha 25 ölkə - Albaniya, Andorra, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Kipr, Estoniya, Farer adaları, Finlandiya, Gürcüstan, Cəbəllüttariq, İslandiya, İsrail, Qazaxıstan, Lixtenşteyn, Litva, Lüksemburq, Makedoniya, Malta, Moldova, Çernoqoriya, Şimali İrlandiya, San Marino, Slovakiya və Uels Avropa çempionatında iştirak üçün daha yüksək şans yaxalayıb.
Yeri gəlmişkən, Platininin Azərbaycan futboluna verəcəyi daha bir töhfə isə Bakının 2020-ci il Avropa çempionatının qrup və "pley-off" oyunlarını təşkil edəcək şəhərlər sırasına düşməsi ola bilər. Bunun üçün sentyabrın 19-dək gözləmək lazım gələcək.
İlk turun oyunları:
7 sentyabr
D qrupu
21:00. Gürcüstan - İrlandiya
23:45. Almaniya - Şotlandiya
23:45. Cəbəllüttariq - Polşa
F qrupu
21:00. Macarıstan - Şimali İrlandiya
23:45. Farer adaları - Finlandiya
23:45. Yunanıstan - Rumıniya
İ qrupu
21:00. Danimarka - Ermənistan
Portuqaliya - Albaniya
8 sentyabr
C qrupu
23:45. Ukrayna - Slovakiya
23:45. İspaniya - Makedoniya
23:45. Lüksemburq - Belarus
E qrupu
23:45. İsveçrə - İngiltərə
23:45. Estoniya - Sloveniya
23:45. San-Marino - Litva
G qrupu
21:00. Rusiya - Lixtenşteyn
23:45. Avstriya - İsveç
23:45. Çernoqoriya - Moldova
9 sentyabr
A qrupu
21:00. Qazaxıstan - Latviya
23:45. Çexiya - Hollandiya
23:45. İslandiya - Türkiyə
B qrupu
23:45. Bosniya və Herseqovina - Kipr
23:45. Andorra - Uels
H qrupu
21:00. AZƏRBAYCAN - Bolqarıstan
23:45. Norveç - İtaliya
23:45. Xorvatiya - Malta