
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürüb. Sportnet.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
Tayfur Əliyev (57 kq) Bişara Sabbarla (İsrail) üz-üzə gəlib. Döyüş Əliyevin aşkar üstünlüyü ilə keçib. Bakı-2015 I Avropa Oyunlarının mükafatçısı rəqibini 5:0 (30:27, 30:25, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib. O, 1/8 finalda Edqaras Skurdelislə (Litva) qarşılaşacaq. Görüş martın 16-da olacaq.
Kamran Şahsuvarlı da yarışa qələbə ilə başlayıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Şahsuvarlı 1/32 finalda Edin Avdiçdən (Avstriya) güclü olub – 4:1 (28:29, 29:28, 29:28, 30:27, 29:28). O, 1/16 finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının ukraynalı qalibi Aleksandr Xijnyakla döyüşəcək. Bu qarşılaşma da martın 16-na təsadüf edəcək.
Qadın boksçulardan Anaxanım Ağayeva (51 kq) isə debütdəcə Tatyana Koba (Ukrayna) uduzub.
Qeyd edək ki, turnirin ikinci günündə daha iki azərbaycanlı boksçu mübarizəyə qoşulacaq. Cavid Çələbiyev (63 kq) Kiril Rusinov (Bolqarıstan), Rauf Rəhimov (91 kq) Mücahit İlyas (Türkiyə) ilə üz-üzə gələcək.