
"Olimpiadada iştirak edəcək Mariya Stadnik və Elis Manolovadan medal gözləyirik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi yutub kanalına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis olimpiadaya qızıl medal üçün yollandıqlarını bildirib: "Allah qismət etsin, "qızıl" qazanıb, Vətənimizə üzüağ qayıdaq. Bayrağımızı Tokioda ucaltmaq istəyirik".
Qadın güləşçilərdən Elis Manolova isə olimpiadaya lisenziya qazanmasından məmnunluq ifadə edib: "Həyacanlıyam. Oyunlara çox böyük ümidlərlə yollanırıq. Ümidvaram ki, Azərbaycana ən çox medalı güləş qazandıracaq".
Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 avqustda olacaq. Mariya Stadnik 50 kq, Elis Manolova isə 68 kq çəki dərəcəsində mübarizə aparacaq.