Voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan çempionatının oyunları Şəki və Mingəçevir şəhərlərində keçirilə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev məlumat verib.
Onun sözlərinə görə, çempionatın ya bir turunun, ya da ayrıca bir turnirin həmin bölgələrdə təşkili müzakirə olunur. İdeya gerçəkləşərsə, oyunların "Zəfər turu" adı altında təşkil olunacağını bildirib: "Bununla əlaqədar əməkdaşlarımız Şəki və Mingəçevirə ezam olunub. Orada genişmiqyaslı oyunlar keçirmək istəyirik. Belə planlarımız var. Voleybol yarışlarını rayonlara salırıq, işi böyüdürük".
Təcrübəli mütəxəssis bölgələrdəki voleybol zallarının azarkeşlərlə dolacağına əminlik ifadə edib: "Sabah rayonlara gedəndə zalların necə dolduğunu birlikdə görəcəyik. Şəkidə, Mingəçevirdə insanlar voleybol üçün darıxıb. Jurnalistlərin də bu addımımızı işıqlandırmalarını istərdik. İşləri böyütməli və bunların hamısını birlikdə etməliyik".
Qarayev regionlarda digər olimpiya komplekslərində də yarışlar keçirmək istədiklərini əlavə edib.
Qeyd edək ki, hazırda qadınlardan ibarət Azərbaycan Super Liqasında 4, kişilərin mübarizə apardığı Yüksək Liqada 5 komanda yer alıb.