
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində dəyişiklik edilə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov məlumat verib.
Onun sözlərinə görə, artıq bununla bağlı işlər başlayıb: "Bu heyətlə Avropa çempionatında mübarizə aparmaq çətin olacaq. Məqsədimiz 1 il ərzində milli komandanı elə formalaşdırmaqdır ki, turnirdə uğurla çıxış edək. Həm yeni oyunçular dəvət etməli, həm də taktikanı dəyişməliyik. Yeni məşqçilər də ola bilər. Yığmada çox şey dəyişdirilməlidir. Planlar çoxdur və bunların icrası maliyyə tələb edir. Onuncu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq. Əvvəllər ənənəvi olaraq, keçmişdəki nəticələrin hesabına birbaşa final mərhələsinə düşürdük. Bu dəfə isə bu haqqı özümüz qazandıq. İndi sual odur ki, növbəti mərhələdə necə çıxış edəcəyik? Buna görə də heyətə həm yeni məşqçi, həm də oyunçular cəlb olunmalıdır. Bu da, dediyim kimi, maliyyədən asılıdır".
Xəlilovun sözlərinə görə, baş məşqçi dəyişikliyi bir nəfərin qərarı deyil: "İdarə Heyəti yığılacaq, həm V İslam Həmrəyliyi Oyunlarında, həm də təsnifat mərhələsindəki nəticələr müzakirə olunacaq. Baş məşqçi ilə bağlı qərar da həmin iclasda veriləcək. Biz təkliflər üçün məlumat toplamalıyıq. Baş məşqçini necə gəldi dəyişə bilmərik. Dəyişiklik fikirləşirsənsə, namizəd də təklif etməlisən. Danışıqların getməsi o deməkdir ki, məlumat toplayırıq. Bundan sonra İdarə Heyəti həmin məlumatları dəyərləndirib qərar verməlidir".
Baş katib yaxşı mütəxəssisin yüksək maliyyə tələb etdiyini söyləyib: "Məsələn, İtaliya millisinin baş məşqçisinə nə qədər pul versən də, Azərbaycana gəlməyəcək. Orada reytinq məsələsi, başqa tələblər var. Bunlar tək pulla ölçülmür. Danışıqlar aparılmalıdır. Baxmalıyıq ki, hansı mütəxəssis bizim üçün faydalı ola bilər. Həm məşqçilər, həm də oyunçular səviyyəsində danışıqlarımız olub. Bilirsiniz ki, komandada yaşlı oyunçular var. Millinin gələcəyi üçün perspektivli voleybolçulara baxırıq. Həm gənclər millisindən, həm də ölkə xaricindən oyunçulara baxırıq. Hərtərəfli işlər gedir".
Federasiya rəsmisi milli komandanın Avropa çempionatında uğurlu çıxışı üçün keçmiş yığma üzvlərinin heyətə qaytarılma məsələsinə də toxunub: "Polina Rəhimovanın milliyə qayıdacağına inanmıram. Mənə dediyinə görə, artıq yığmadakı karyerasını bitirib. Avqustun 20-də Polinanın toyu oldu. Bundan sonra planları ailə ilə bağlıdır. Fikrimcə, ən azı 2 il voleyboldan ayrı qalacaq. Digər keçmiş oyunçularda isə komandaya xeyir verə biləcək potensial görmürəm. Heyətlə bağlı son sözü yenə baş məşqçi deyə bilər. Eləsi gələr ki, gənclər yığmasındakı oyunçularla nəticə qazanacağına söz verər. Eləsi olar ki, bunları bəyənməz, yeni voleybolçuların tapılmasını istəyər. Bu, artıq baş məşqçinin tələbidir və biz onun işinə qarışmaq istəmirik".
Yığmanın təsnifat mərhələsindəki çıxışını dəyərləndirən Xəlilov voleybolçularla bağlı fikirlərinin pozitiv olduğunu vurğulayıb: "Gərgin mübarizə getdi. Heyətdə təcrübəli oyunçularla yanaşı, gənclər də var idi. Prinsipial matçlar oldu. Burada fiziki gərginliklə yanaşı, psixoloji stres də olur. Hər şeyi nəzərə alsaq, yığmanın yaxşı çıxış etdiyini söyləmək olar. Bilirsiniz ki, əsas toppaylayıcı Kristina Besman zədəli idi. Oyunlar vaxtı Fransaya yola saldıq ki, dizini yerinə salsınlar. Ondan sonra gəlib yenə oynadı. Çox çətin idi, amma turniri uğurla yekunlaşdıra bildilər. Sloveniyaya qalib gəlməklə, məsələni daha tez həll edə bilərdik. Alınmadı, rəqibin müdafiə xətti də çox yaxşı oynadı. Bütün görüşlərini qələbə ilə başa vurdular".
O, Avropa çempionatına iştirak xatirinə yollanmayacaqlarını söyləyib: "Başlamışıqsa, nəticə də qazanmalıyıq. Qələbələr reytinqə də təsir edəcək. Hazırda əsas məqsədimiz reytinqdə irəliləməkdir. Bunun üçün qalib gəlmək lazımdırsa, elə də etməliyik. Çünki tələb odur".
Qeyd edək ki, Avropa çempionatı 15 avqust - 3 sentyabrda Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq. Hazırda milli komandaya Pərviz Səmədov başçılıq edir.