Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova kişi voleybolçular arasında “Çağırış Kuboku”nun final oyununa təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək.
Bu gün Yunanıstanda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İlk dueldə “Olimpiakos” 3:0 hesablı qələbə qazanıb.
CEV-in bu matç üçün təyinatına əsasən, İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.