Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, bu barədə Amerikanın Səsinə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib.
Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib.
Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib.
R.Əliyev avqustun 8-də aldığı ağır bədən xəsarətlərindən sonra 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. R.Əliyev "Meydan TV"yə açıqlamasında özlərini "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları kimi təqdim edən şəxslər tərəfindən döyüldüyünü bildirib. O, qabırğalarının sındığını və sol qulağının eşitmədiyini söyləyib.
Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.