
"Krasnodar" klubu Rusiya Premyer Liqasında XVIII tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib "Kuban" olub.
Krasnodar derbisi adlandırılan görüş eyniadlı komandanın qələbəsi ilə yekunlaşıb - 3:2. Halbbuki oyunun son 20 dəqiqəlik bölümünədək "Kuban" Sergey Tkaçyov (dəq. 11) və Vladislav İqnatyevin (dəq. 67) qolları sayəsində 2:0 hesabı ilə öndə olub. Lakin 70-ci dəqiqədə meydana daxil olan Vanderson cəmi 1 dəqiqə sonra fərqi azaldıb. 80-ci dəqiqədə Pavel Mamayev penaltidən bərabərlik, 87-ci dəqiqədə Fyodor Smolov qələbə topunu vurub.
Bu qələbə sayəsində "Krasnodar" 30 xalla 5-ci pilləyə yüksəlib. 15 xala malik "Kuban" isə 15-ci pillədə qalıb.
Qeyd edək ki, "Krasnodar" növbəti matçını dekabrın 10-da Bakıda keçirəcək. Həmin gün baş məşqçi Oleq Kononovun komandası Avropa Liqasının son tur görüşündə "Qəbələ"nin qonağı olacaq. "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 22:00-da başlanacaq.








































































