Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqası keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev də yarışda qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya) və Matus Lieskovskini (Slovakiya) eyni - 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda iranlı Bəhmən Əsgərini 2:0 hesabı ilə üstələyib. Həlledici döyüşdə Ağayevin rəqibi Yermek Aynəzərov (Qazaxıstan) olub. Azərbaycanlı karateçi bu qarşılaşmada da qalib gəlib – 1:0.
Beləliklə, 5 qələbə qazanan Ağayev yarışın qızıl medalına yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb.