Afrika Millətlər Kubokunun finalı ilə bağlı qalmaqallı qərar qəbul edilib.
Sportnet.az-ın Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən məlumatına görə, Seneqal milli futbol komandasına texniki məğlubiyyət verilib və final oyununun nəticəsi Mərakeş milli futbol komandası-nın xeyrinə 3:0 hesabı ilə rəsmiləşdirilib.
CAF-ın Apellyasiya Şurası Afrika Millətlər Kubokunun reqlamentinin 82 və 84-cü maddələrini əsas götürərək bu qərarı çıxarıb. Bununla da Mərakeş Futbol Federasiyasının şikayəti təmin olunub və əvvəlki intizam qərarı ləğv edilib.
Xatırladaq ki, final matçında Seneqal yığması 90+8-ci dəqiqədə təyin olunan penalti qərarına etiraz olaraq meydançanı tərk edib. Epizod Brahim Diasa qarşı qayda pozuntusu ilə bağlı olub. Qarşılaşma 13 dəqiqəlik fasilədən sonra bərpa olunub və Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Lakin Apellyasiya Şurası bu addımı qayda pozuntusu kimi qiymətləndirərək Seneqala texniki məğlubiyyət verib.
Qərara əsasən, Seneqal Futbol Federasiyasının reqlamentin 82-ci maddəsini pozduğu təsdiqlənib və komanda 0:3 hesablı məğlub sayılıb.
Bununla yanaşı, qərarda digər məqamlar da əksini tapıb. Mərakeş millisinin futbolçusu İsmael Saybarinin cəzası qismən dəyişdirilib – ona iki oyunluq diskvalifikasiya verilib, bu cəzanın biri şərti saxlanılıb, 100 min dollarlıq cərimə isə ləğv olunub.
Eyni zamanda, topdaşıyanlarla bağlı insidentə görə Mərakeş Futbol Federasiyasına tətbiq edilən cərimə 50 min dollara endirilib. VAR zonasına müdaxilə ilə bağlı 100 min dollarlıq cərimə qüvvədə saxlanılıb, lazer insidenti ilə bağlı sanksiya isə 10 min dollara qədər azaldılıb.
Beləliklə, CAF-ın yekun qərarı ilə Afrika Millətlər Kubokunun finalının nəticəsi dəyişdirilib və Mərakeş yığması rəsmən qalib elan olunub.











































































