Rui Jorje Azərbaycana 2 köməkçisi ilə birlikdə gəlib.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib.
O bildirib ki, portuqaliyalı mütəxəssisin azərbaycanlı iki köməkçisi də olacaq. Onların adlarına hələ aydınlıq gəlməyib.
Hacıyev Jorje ilə müqavilənin maliyyə tərəflərini açıqlamaqdan imtina edib: "Bu, konfidensial saxlanılmalıdır".
O, təyinat məsələsində təcrübə amilinin rol oynadığını vurğulayıb: "Həm futbolçu, həm də baş məşqçi kimi təcrübəsi təyinatda əsas götürüldü".
Hacıyev baş məşqçinin qarşısına qoyulan əsas məqsədi açıqlayıb: "Dünya çempionatında hansı komandaların oynayacaqlarını başa düşürsünüz. Ən azından mübarizə və döyüşkənlik olmalıdır. Hazırda qoyulan məqsəd yalnız dünya çempionatı ilə bağlıdır".
O, hazırlıq prosesində gecikmənin olmadığını diqqətə çatdırıb: "Həm FIFA, həm də dövlət qurumları ilə sıx çalışırıq. Hazırda hüquqi sənədlər və qəbul edəcək şəhərlərin üzərində işlər gedir. Şəhərlərdən biri Bakı olacaq. Digər şəhərlər üzərində işlər gedir. Həmçinin dünya çempionatının tarixləri, açılış və bağlanış mərasimlərinin, final oyununun yeri üzərində çalışırıq".
AFFA rəsmisi Azərbaycan yığmasına başqa ölkələrdən əslən azərbaycanlı futbolçuların cəlb olunmasının mümkünlüyünü də dilə gətirib: "Kütləvi milliləşdirilməsi olmayacaq".
İcraçı vitse-prezident baş məşqçinin təcrübəsi və təqdim edəcəyi plana uyğun addımlar atacaqlarını söyləyib. Təlim-məşq toplanışlarının sayının artırılması və rəqiblərə qarşı oyun sayının çoxalması, yüksək səviyyəli oyunların keçirilməsi müzakirə olunub.














































































