Azərbaycan Premyer Liqasının XXIV turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.
“Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.
“Şamaxı” turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib. 1999/2000 mövsümündə “Xəzər Universiteti” kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib.
Azərbaycan kubokunda 60, avrokuboklarda 16, birinci liqada 16, “Birlik kuboku”nda 8 qələbəsi olan “Şamaxı” bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.
















































































