Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatı sona çatıb.
Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu – yeddinci günündə yunan-Roma güləşi üzrə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) bürünc medal uğrunda görüşdə ukraynalı Yevgeni Pokovbaya 1:3 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə tamamlayıb.
Fərid Xəlilov (67 kq) üçüncülük mübarizəsində macarıstanlı Petro Jitovozla üz-üzə gəlib. Qarşılıqlı xalların qeydə alındığı görüşdə 5:3 hesablı qələbə qazanan Xəlilov bürünc medala yiyələnib.
Fəraim Mustafayev (72 kq) təsəlliverici görüşdə ukraynalı Dmitro Vasilyevi 4:2 hesabı ilə üstələyib. O, bürünc medal qarşılaşmasında rumıniyalı Leonard Yurasku ilə üz-üzə gəlib. Görüşün əvvəllərində 0:4 hesabı ilə geri düşən Mustafayev əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb – 5:4. Beləliklə, azərbaycanlı pəhləvan milli komandanın hesabına növbəti medalı yazdırıb.
Elmin Əliyev (82 kq) isə finalda gürcüstanlı Tornike Mikeladze ilə güləşib. Rəqib 2:0 hesabı ilə önə keçsə də, azərbaycanlı güləşçi mübarizədən qopmayıb. Təşəbbüsü ələ alan Əliyev yekunda 3:2 hesablı qələbəyə sevinərək 23 yaşadək güləşçilər arasında Avropa çempionu olub.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi çempionatı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Yığma 100 xalla komanda hesabında 4-cü yeri tutub.
Xatırladaq ki, bir gün öncə Fərid Sadıxlı (55 kq) gümüş, İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanmışdı.















































































