"Fikrimcə, bərabər oyun keçdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze evdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis oyuna çox yaxşı başladıqları halda çox sadə qollar buraxdıqlarını təəssüflə vurğulayıb: "Bu səviyyədə belə səhvlərə yol vermək olmaz. Xüsusən, "Neftçi" kimi komandalara qarşı. Psixoloji baxımından işləmək lazımdır. Görünən odur ki, futbolçularda psixoloji problemlər var. Fiziki cəhətdən hər hansı bir problemimizin olduğunu düşünmürəm".
Tsxadadze "istefa" şüarlarına da münasibət bildirib: "Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır".












































































