“Sabah” klubunun futbolçusu Tymoteuş Puxaç yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Sportnet.az xəbər verir ki, polşalı sol cinah müdafiəçisinin nişanlısı Oliviya Ninçeviç özünün “Bo chcę wiedzieć” (“Çünki bilmək istəyirəm”) adlı podkastında məşhur aktrisa və müğənni Yuliya Venyava ilə söhbət zamanı maraqlı mövzuya toxunub.
O, uzun müddətdir mediada Venyava ilə Puxaç arasında münasibətlərin olduğu barədə yayılan iddiaları xatırladaraq qonağına bu barədə sual verib.
Ninçeviç bildirib ki, media tez-tez aktrisanı onun nişanlısı ilə əlaqələndirir və buna görə Venyavanın buna necə reaksiya verdiyini bilmək istəyib.
Venyava isə bu xəbərlərin həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, Puxaçla cəmi bir neçə dəfə görüşüb və münasibətləri yalnız dostluq səviyyəsində olub.
Aktrisa bildirib ki, hər şey futbolçunun bir müsahibəsində onu “mediada xoşladığı qız” kimi qeyd etməsindən sonra başlayıb. Bundan sonra futbolçunun azarkeşləri sosial şəbəkələrdə onları tez-tez birlikdə “taq” etməyə başlayıblar.
Venyava daha sonra Puxaçın ona “Instagram” vasitəsilə yazaraq azarkeşlərinin davranışına görə üzr istədiyini də açıqlayıb. Aktrisanın sözlərinə görə, futbolçu daha sonra onun konsertinə qatılıb və onlar cəmi iki dəfə dost kimi görüşüblər.
“Əzizim, narahat olmağa heç bir əsasın yoxdur”, – deyə Venyava Puxaçın nişanlısına zarafatla müraciət edib.
Qeyd edək ki, Tymoteuş Puxaç 2025-ci ildən “Sabah” klubunun formasını geyinir. Polşa millisinin üzvü olan 27 yaşlı müdafiəçi bu ilin yanvarında Oliviya Ninçeviçə evlilik təklifi edib.















































































