"Zirə"nin qapıçısı Tiaqo Silvanın evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Oyun haqqında nə deyə bilərsiniz?
- Məncə, yaxşı oyun oldu. Başlanğıcda işə yaramayan bir planımız var idi. Müdafiə olunmağa və rəqibi əks-hücumda tutmağa çalışırdıq, amma alınmadı. Buna görə də 60-65-ci dəqiqədən sonra dəyişiklik etməyə çalışdıq və bir qol vura bildik. Lakin bu, kifayət etmədi. Daha çox qol vurmağa və üç qol buraxmamağa gücümüz çatmadı. Amma düşünürəm ki, görüşün əvvəllərində lehimizə penalti verilsəydi və hesabı 1:0 etsəydik, oyun tam başqa cür olardı.
- "Zirə"nin bu mövsümkü hədəfi nədən ibarətdir?
- Üçüncü yeri tutmaq istədiyimiz aydındır. Hazırda birinci və ya ikinci olmaq çox çətindir, hətta demək olar ki, qeyri-mümkündür. Ona görə də biz üçüncülüyü qazanmaq və Azərbaycan Kubokunu götürmək istəyirik.
- Növbəti oyunlarda "Zirə"ni bir çox çətin rəqiblər gözləyir. Bu, komanda üçün çətin olacaq?
- Bilirik ki, son oyunlarımızda bizi çətin rəqiblər və çətin çempionat gözləyir. Amma biz hələ də çalışırıq və hər bir oyunda sonuna qədər mübarizə aparacağıq. Dediyim kimi, kuboku qazanmaq istəyirik - bu, bizim hədəfimizdir və artıq "Zirə"nin kubok qazanmaq vaxtıdır. Ona görə də həm kuboka fokuslanmışıq, həm də çempionatda üçüncü yeri tutmağa.
- Növbəti mövsüm "Zirə"də qalacaqsınızmı?
- Buna hazırda cavab verə bilmərəm və açıqlamağın yeri deyil. Hər kəsin bildiyi kimi, müqaviləm başa çatır, amma hazırda bu barədə heç narahat da deyiləm. Klubla bu mövzuda danışıq aparmıram. Sadəcə, cari mövsümə köklənmişəm. Dediyim kimi, diqqətim kuboku qazanmaqdadır. Mövsüm bitdikdə, gələn mövsüm harada oynayacağıma qərar vermək üçün vaxtım olacaq, baxarıq... Hazırda bundan artıq heç nə deyə bilmərəm.












































































