“Turan-Tovuz”da problem? – Ayxan Hüseynov danışdı - MÜSAHİBƏ
"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynovun "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra Sportnet.az-a müsahibəsi
– Oyun barədə fikirləriniz necədir?
– “Kəpəz” oyuna yaxşı hazırlaşmışdı və güclü mübarizə apardı. Biz isə təəssüf ki, ən zəif matçlarımızdan birini keçirdik. Bu görüşü artıq unudub növbəti oyuna toparlanaraq hazırlaşmalıyıq.
– Gələn turdan ev oyunlarınızı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəksiniz. Bu qərardan razısınızmı?
– Stadionlara çox fikir vermirik. Çempionatımızda ən yaxşı stadionlardan biri “Sumqayıt”ın ev oyunlarını keçirdiyi stadiondur və orada oynamaq hər zaman xoşdur. Azarkeşlərimiz də harada oynamağımızdan asılı olmayaraq hər yerə bizimlə gəlirlər. Onlara təşəkkür edirəm.
– Hücumlarda son nöqtəni qoymaqda çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?
– Komandalar bizə qarşı daha konsentrasiyalı oynayırlar və kəskin şəkildə müdafiə olunurlar. Epizodlar yaradırıq, amma onları dəyərləndirə bilmirik. Bunun səbəbini dəqiqləşdirib problemi aradan qaldırmalıyıq.
– Növbəti turda rəqibiniz “Qəbələ” olacaq. İlk iki oyunda inamlı qələbə qazanmısınız. Qarşıdakı matç barədə nə düşünürsünüz?
– İlk qələbəmiz artıq keçmişdə qalıb. Biz əvvəlki oyunu düşünməməliyik. Qarşıdakı matça yüksək motivasiya və konsentrasiya ilə hazırlaşmalıyıq. “Qəbələ” yaxşı komandadır, bunu “Sabah”la kubok oyununda da gördük. Ümid edirəm ki, qələbə qazanan tərəf biz olacağıq.
Haşım MƏMMƏDOV














































































