2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı bəzi təşkilati detallar məlum olub.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, turnirin oyunlarının ümumilikdə 4 stadionda keçirilməsinə razılıq verən FIFA arenaların iki ölkə arasında bərabər bölünməsini planlaşdırır.
Beləliklə, Azərbaycan və Özbəkistan hərəyə iki stadionla çempionata ev sahibliyi edə bilər.
Hazırda açılış və final oyunlarının hansı ölkədə keçiriləcəyi müzakirə olunur. Qaydalara əsasən, açılış mərasimi və ilk oyun bir ölkədə, final isə digər ölkədə təşkil olunmalıdır. AFFA isə açılış yox, final matçının, mükafatlandırma və bağlanış mərasiminin Bakıda keçirilməsinə çalışır.
Bunun əsas səbəbi qaydalarla bağlıdır. Açılış oyunu mütləq təşkilatçı ölkə yığmasının iştirakı ilə keçirilməlidir. Bu görüş Bakıda təşkil olunsa, ilk oyunda Azərbaycan U-20 millisi meydana çıxacaq və rəqib qrupun güclü komandalarından biri ola bilər. Bu isə yerli komandanın məğlubiyyət ehtimalını artırır.
AFFA 2016-cı ildə Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatı zamanı yaşananları nəzərə alır. Həmin turnirin açılış matçında Azərbaycan millisi Portuqaliyaya 0:5 hesabı ilə uduzmuşdu. Sonradan Portuqaliya turnirin qalibi olsa da, həmin məğlubiyyət millinin oyununu canlı izləyən ölkə rəhbərliyi səviyyəsində narazılıq yaratmışdı.
Bu dəfə də açılış matçında yüksək vəzifəli dövlət rəsmilərinin iştirak edəcəkləri gözlənilir və millinin onların qarşısında uduzmayacağına heç kim təminat verə bilməz. Buna görə də Azərbaycan tərəfi açılış yox, finalın Bakıda keçirilməsinə üstünlük verir.
Azərbaycanın ev sahibliyi edəcəyi stadionların da böyük ölçüdə müəyyənləşdiyi bildirilir. Bunların Bakı Olimpiya Stadionu və Gəncə şəhər stadionu olacağı gözlənilir. Komandaların hazırlığı üçün isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, Qəbələ şəhər stadionu və Xankəndi stadionu ayrılacaq.
Dünya çempionatının gələn ilin sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırıldığından, həmin dövrdə Azərbaycan klubları avrokubokların əsas mərhələlərində də çıxış edə bilər. Üstəlik, qarşılaşmalar Premyer Liqanın turları ilə üst-üstə düşəcək. Avrokubok və çempionat oyunlarının hansı stadionlarda keçiriləcəyindən asılı olaraq, boş qalan arenalar məşq keçmələri məqsədilə U-20 mundialı iştirakçılarının istifadəsinə veriləcək.
Qeyd edək ki, U-20 dünya çempionatının oyunları ilə bağlı bütün təşkilati məsələlərə bu ilin may ayına qədər tam aydınlıq gətirilməsi planlaşdırılır.












































































